Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

  • SpaceTV
  • 28 Fevral 2020 14:35

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

SPACE TV  xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.

Allah rəhmət eləsin”.

Paylaş

 Xəbəriniz olsun