Zərgərlər məhəlləsi

  • SpaceTV
  • 8 Oktyabr 2019 18:23

Gəncənin mərkəzi hissəsinin yaxınlığında qərar tutan bu böyük məhəllənin  adının kökündə “Zərrab” sözü durur ki, bu da “zərbxana”- pul kəsilən, sikkə vurulan yer, həmçinin zərgər məkanı mənası verir. Zərrabi məhəlləsi şəhərin mərkəzi məhəllələrindən olduğundan buranın ictimai həyatı da tarixən zəngin olub. Sənətkarlıq və ticarət burda daha çox yayılıb. Zərrabi məhəlləsində də diğər məhəllələrdəki kimi kərpic binalar üstünlük təşkil edib.

Zərrabidəki məscid də 19-cu əsrin axırlarında məhəllə camaatının vəsaiti hesabına tikilib. Bu məscid  Gəncədə yeganə İki günbəzli və eyvanlı məsciddir. Məscidin həyətində Nizami Poeziya Teatrının tamaşaları göstərilir, binasında isə kitabxana fəaliyyət göstərir. Məhəllənin əsas xüsusiyyəti isə burada tarixən bütün binaların kərpicdən tikilməsi ənənəsidir ki, bu adət indi də davam etdirilir. Zərrabi məhəlləsi daim öz sənətkar sakinləri ilə yanaşı ziyalı mühiti ilə də seçilib. Məhəllə Gəncənin mədəni həyatında da öz izlərini qoyub. Hazırki Gəncə Dram Teatrı hələ 150-160 il qabaq burda mövcud olan Azərbaycanın ilk teatr binalarından birinin əsasında inşa olunub.Belə ki, hələ  19-cu əsrin ortalarında Gəncəbasarda fəaliyyət göstərən Alman sənayeçiləri olan Forer qardaşları burada Azərbaycan ərazisində ilk teatr binalarından birini inşa etdiriblər. Forer qardaşlarının tikdirdiyi teatr binasının texniki və akustika göstəricilərinə görə Avropa tamaşa binaları səviyyəsində olub. Belə binanın varlığı Gəncədə Dram Dərnəyinin yaranmasına da təkan verib.

Onu da əlavə edək ki, hazırda tarixi Zərrabi Məhəlləsi şəhərin Mirzə Abbas Abbaszadə, İsmət Qayıbov küçələrinin , həmçinin Gəncənin ən böyük prospekti olan Heydər Əliyev prospektinin bir hissələrinin əhatə etdiyi ərazilərə düşür.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun