Zəfər Muzeyinin konsepsiyası təqdim edildi – FOTO

  • Space TV
  • 5 Fevral 2021 15:57

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupunun onlayn iclası keçirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Mədəniyyət naziri Anar Kərimov iclasda çıxış edərək dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq muzeyin konsepsiyasının hazırlanması ilə əlaqədar indiyədək nazirlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirən nazir artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərək.

Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini işçi qrupunun üzvlərinə təqdim edib.

İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Paylaş

 Xəbəriniz olsun