Yulğun ağacı

  • SpaceTV
  • 31 Oktyabr 2019 16:01

Yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-nu Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir.  Ölkəmizdə bir sıra bölgələrdə, eləcədə Salyan rayonunda əsrlərdir Kür boyunca yulğun meşələri var. Belə ərazilərə həm də Tuğay meşələri deyilir. Səhra və ya yarımsəhraya məxsus bitkinin hündürlüyü  2 metr və ondan daha çox olur. Quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.

Adi koldur deyib yulğun ağacını kəsməyə cəhd etməyin. Yulğunun laksi növü “Qırmızı kitab”a düşüb ki, məhz bu ağaclar kəsildikdə cərimələrin əmsalı da artır. Belə ki, bölgələrdə 4 santimetr adi kolu məhv edilərsə cəriməsi 80 manatdır. “Qırmızı kitab” düşən laksi növü kəsilərsə o zaman cərimə 25 əmsala vurulur. Avtomobil yollarının kənarında və dəmir yolu zolaqlarında kəsilən yulğunlar üçün tətbiq olunan cərimələr isə daha da ağırdır. Fiziki şəxslər 2500, vəzifəli şəxslər 7000, hüququ şəxslər isə 40 min manat məbləğində cərimə edilir. Amma buna baxmayaraq bəzən yulğunun məhv edilməsi prosesini təbiətin özü də icra edir. Belə ki, çaylarda olan daşqınlar vaxtı ilə yulğun meşələri olmuş ərazilərin çılpaqlaşmasına gətirib çıxarır.

İnkişaf səviyyəsinə görə bölgələrdə ağac kimi ifadə olunan yulğun bitkisinin özəlliklərindən biri də quş və heyvanların sığınacaq yeri olmasıdır.

Bioloqlar yulğunun insan orqanizmi üçün faydalı olduğunu deyirlər.  Belə ki, ağciyərlərin müalicəsində, tənəffs yollarının açılmasında yulğun mühüm rol oynayır. Yulğun kolları həm toxum vasitəsi ilə, həm də tinglərlə becərilərək çoxaldıla bilir. Əlbəttə burada onun mühafizəsindən çox asılıdır. Bir də ana təbiətin  bizə bəxş etdiyi bu gözəlliyi qoruyub saxlamaqla  özümüzdən sonrakı nəsillərə ötürməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun