Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

  • Space TV
  • 24 Fevral 2021 11:29

Güclü külək və qarla müşahidə edilən kəskin hava şəraiti davam edir. Duman, çiskin, külək eləcə də yolların buz bağlaması hərəkət iştirakçılarına çətinlik yaradır.

Bu barədə mətbuata açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib:

“Paytaxtın əsas küçə və prospektləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) xüsusi texnikaları vasitəsilə təmizlənir. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Hazırda enişli-yoxuşlu, sərt döngəli yollarda sürüşmə ehtimalı yüksəkdir. Xüsusilə 20 yanvar dairəsi adlandırılan ərazidə körpünün üzərində buzlaşma var. Sürücülərdən eləcə də piyadalardan diqqətli olmaları xahiş olunur”.

Vaqif Əsədov sürücüləri şəxsi avtomobillərdən istifadə etməməyə çağırır:

“Paytaxtda qarlı hava şəraiti davam edir. Sürücülərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Texniki cəhətdən nasaz olan maşınlar avtomobil yollarında yol nəqliyyat hadisələrin yaşanmasına şərait yaradır. Şəxsi avtomobildən istifadə edən sürücülər isə yol nişanlarının tələblərinə riayət etsinlər. Piyadalar isə avtomobil yolunun hərəkət istiqamətinə çıxmasınlar. Öz təhlükəsizlikləri üçün bu kimi məqamlara xüsusi diqqətlə yanaşsınlar”.

Paylaş

 Xəbəriniz olsun