Yol polisi nasaz nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

  • Space TV
  • 10 Yanvar 2020 17:17

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

BDYP-dən SPACE TV-ə daxil olan müraciətdə bildirilib ki, müşahidələrə əsasən, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir:

“Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Xatırladırıq ki, müvafiq yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vaitələrinin istismarı yol verilməzdir.

Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.

Paylaş

 Xəbəriniz olsun