Yol Patrul Xidməti əməkdaşları yeni uniformada xidmətə başlayıblar.

  • SpaceTV
  • 23 Yanvar 2020 16:05

Bir neçə gündür ki, yol polisləri yeni uniforma ilə xidmət aparırlar. Paytaxtın mərkəzində xidmət aparan polis əməkdaşlarına yeni uniformalar verilib. Daxili İşlər naziri Vilayət Eyvazov da Yol Patrul Xidməti əməkdaşlarının yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib. Yeni formanın materialı və dizaynı da əvvəlkilərdən fərqlənir. Dizayner Mətanət Zeynalova bildirir ki, uniformalar keyfiyyətli materialdan hazırlanıb və bu geyimdə polislər daha rahat xidmət apara biləcək.

Özəlliklərindən biri də formanın işıqqaytarıcı elementlərdən ibarət olmasıdır. Belə ki, formanın önü, arxası, yan tərəfləri sarı və ağ rənglərdədir. Bu da günün istənilən vaxtı həm sürücülər, həm də polislər üçün əlverişlidir. Paytaxtdan sonra respublika yollarında xidmət aparan patrul əməkdaşları da yeni qış geyimi ilə mərhələli şəkildə təchiz ediləcək.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun