Yol infrastrukturu yenilənir

  • Space TV
  • 21 Avqust 2020 14:22

     Ağsuda 8 min nəfərin məskunlaşdığı 9 yaşayış məntəqəsini birləşdirən 39 kilometrlik yol yenidən qurulur. Spacetv.az-ın məlumatına görə, yolun təmiri regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan layihəyə əsasən aparılır. Ülgücli, Curuğlu, Maşadqanlı, Ağarx, Bozavand, Qarabağlı, Şahbəyli, Rəhimli və Qaradağ kəndlərini birləşdirən yolun asfalt örtüyü yenilənir. Sakinlər bildirirlər ki, əvvəllər yol bərbad vəziyyətdə olduğundan gediş-gəliş məsələlərində xeyli əziyyətlər çəkiblər.

     Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan yol 4-cü texniki dərəcəlidir. Hərəkət 2 zolaqlı – gediş və gəliş istiqamətlərində olmaqla eni 6 metrdir. Ağsu-Ağarx-Qaradağ-Rəhimli avtomobil yolunun təmiri bu ərazilərdə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan insanların da işini xeyli asanlaşdıracaq. Onlar öz məhsullarını rahatlıqla ölkə bazarlarına çıxara biləcəklər.

 Vahid Fəxri, Space TV

Paylaş

 Xəbəriniz olsun