Yeni tibb məntəqəsi istifadəyə verilib – VİDEO

  • SpaceTV
  • 3 Oktyabr 2019 19:38

   Tibb məntəqəsi istifadəyə verilib. Rayonun 4000 nəfərə yaxın sakini bu səhiyyə ocağından yararlana biləcək. ABŞ səfirliyinin və Azərbaycan Hökumətinin dəstəyi ilə Cəngəmiran kəndində tikilmiş yeni tibb məntəqəsi fəaliyyətə başlayıb. Bu münasibətilə kənd sakinlərini Azərbaycan dilində təbrik edən ABŞ Səfirinin müavini Maykl Dikerson ilk dəfə paytaxtdan kənara – rayonlarımızdan məhz Lerikə səfər etdiyini bildirib. İstifadəyə verilən tibb məntəqəsinin iki həkim otağı, bir müayinə və bir gözləmə otaqlarından ibarət olduğunu qeyd edən səfir müavinin sözlərinə görə, ətraf kəndlərdə yaşayan sakinlərin də səhiyyə ehtiyaclarını ödəmək qabiliyyətinə malik olan məntəqədən 4000 nəfərə yaxın insan yararlana biləcək.

 1980-ci ildən Lerikin Cəngəmiran kəndində tibb məntəqəsi olsa da, uzunmüddətli və təmirsiz istismar binanın yararsız vəziyyətə düşməsinə səbəb olmuşdu. Tibb məntəqəsinin dam örtüyü, döşəmə və divarlarının deformasiyaya uğraması binadan istifadə imkanlarını tam məhdudlaşdırmışdı. İndi isə köhnə tibb məntəqəsi yenisi ilə əvəz olunub və kənd sakinlərinin səhhətlərində yaranan müəyyən problemlərə görə rayon mərkəzində fəaliyyət göstərən xəstəxanalara müraciət etmələrinə ehtiyac olmayacaq.

 Cəngəmiranda ümumi dəyəri 47.000 manat olan layihə əsasında yenidən tikilən səhiyyə ocağından Lerik rayonunun 6 kəndinin ümumilikdə 3617 nəfər sakini yararlana biləcək.

Rövşən Almazoğlu  SPACE  TV

Paylaş

 Xəbəriniz olsun