Yeni tapıntılar aşkar olunub – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 12:02

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsi həyata keçirilir. Space TV-nin xəbərinə görə, bu il aparılan qazıntılar zamanı ölkəmziniz şimal şərqində ilk dəfə yeni tapıntılar aşkar olunub.

Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Aparılan qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu isə erkən Tunc dövrünün əsas atributu sayılır.

Çaqqallıqtəpə abidələr kompleksində 5 eyni tipli abidə mövcuddur. Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. Arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb.

Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Gildən hazırlanan tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir. Tədqiqatlar zamanı çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri, sümükdən hazırlanan bizlər və müxtəlif əşyalar  da aşkarlanıb.

Yüngül konstruksiya ilə örtülmüş dairəvi evlərin içərisində isə Erkən Tunc dövrünə aid manqal aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən ərazidə qazıntı işlərinə 2016-cı ildən başlanılıb.

Emin Vaqifoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun