Yeni tədris ilindən Bakıya məktəb avtobusları gəlir? – ARAŞDIRMA

  • Space TV
  • 11 Mart 2020 14:42

“Məktəb avtobusu” deyəndə düşüncəmizdə xarici filmlərdəki böyük sarı avtobuslar canlanır. Bizə xarici ölkələrdə şagirdləri avtobusların məktəbə çatdırması halı təccüblü deyil. Azərbaycan ilə qonşu Türkiyədə də şagirdləri məktəblərə avtobuslar aparıb gətirir. Bu sistem öz səmərəsini çoxdan verib. Çünki məktəblərə aid servis avtobuslarının şagirdləri dərsə aparıb gətirməsi təkcə valideyni bu işdən azad etmir, həm də şəhərin nəqliyyat sistemində problemə çevirilən tıxacın qarşısını alır.

SPACE TV  xəbər verir ki, ölkədə hazırda bir neçə özəl təhsil müəssisələri, bağçalar istisna olmaqla təhsil sistemimizdə belə servis avtobusları yoxdur. Yanvar ayında ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransda çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov paytaxt ərazisində bəzi məktəblərdə şagirdlərin daşınması üçün məktəb avtobusları fəaliyyətə başlayacağı ilə bağlı açıqlama vermişdi.

“Valideynlər tərəfindən məktəblilər üçün avtobusların təşkil olunması ilə bağlı müraciətlər daxil olur. Müraciətləri nəzərə alaraq BNA ilə sıx əlaqəyə başlamışıq və bu istiqamətdə irəliləyə bilmişik. Düşünürəm ki, əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni tədris ili başlayana kimi məktəb avtobuslarının təmin olunmasına nail olacağıq. Təbii ki, bu, bütün məktəbləri əhatə etməyəcək. Amma layihənin təkmilləşdirilməsi planlaşdırılır”.

Həmin açıqlamadan artıq bir neçə ay keçib. Məsələ ilə bağlı araşdırma aparıb, proqramın fəaliyyətində hansı yeniliklərin olduğu ilə maraqlandıq.

Bu barədə SPACE TV-a müsahibə verən təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhvə verəcək.

” Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli sürücülər tərəfindən təlimli hostesləri ilə yüksək xidmət göstərilir. Amma bir çox hallarda bunu təcrübəsiz, əsəbi valideyinlər öz nəqliyyat vasitələri ilə həyata keçirirlər ki, bu halda da xoşagəlməz hadisələr baş verir. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığını təmin edir, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını realaşdırır. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər. Amma nəzərə alsaq ki, hal hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var. Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəb ətrafında sıxlıq, xaos yaradır.”

Təhsil eksperti bildirdi ki, bugün özəl məktəblərin büdcəsi imkan verir ki, onlar şagirdləri məktəb avtobusları ilə təmin etsinlər amma adi məktəblərin bunu tətbiq etməsi bir qədər maddi baxımdan çətindir.

” Nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər.İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki, uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir. Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması təəccüblü deyil. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də məktəblərə şagirdləri avtobuslar gətirib aparır. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir.”

Müasir məktəbli avtobuslarında oturacaqlar təhlükəsizlik kəmərləri ilə, avtomobilin özü isə səs və işıq siqnalizasiyası vasitəsilə təchiz edilməlidir. Sürücüləri giriş və çıxışları nəzarətdə saxlaya bilməsi vacibdir ki, uşaqlar sürücünün diqqətindən kənarda qalmasınlar. Bunun üçün avtobusları əlavə güzgülər və ya kameralar ilə təchiz edirlər.

SPACE TV  məsələ ilə bağlı düşüncələrini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, Bakı Nəqliyyat Agentliyi bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparıb.

” Avtobusların hansı ölkədən,hansı şərtlərlə alınması artıq müvafiq qurumların işidir. Belə bir layihə haqqında Təhsli naziri Ceyhun Bayramov ötən ay məlumat verib.O deyib ki,bu məsələ ilə bağlı BNA ilə xüsusi qrup da yaradılıb. Lakin bu qrupun ilk toplantısı və müzakirə olunan məsələ haqqında heç bir məlumat yoxdur. Ümid edirik ki,bu müzakirələrdə müstəqil ekspertlər və valideyn qrupları da yaxından iştirak edəcək.”

Hazırda Türkiyədə şagirdlərin məktəb avtobusları ilə daşınma xərcləri üçün ay ərzində vahid tarif tətbiq edilir.Layihənin reallaşması əsnasında bu məsələlər diqqətdə saxlanılacaqmı?

” Dövlət məktəblərində şagirdlərin daşınması xərcləri dövlət büdcəsindən ödənilməlidir. Nəzərə alsaq ki,uzun illərdir ki, Azərbaycanda ictimai nəqliyyatda şagirdlər üçün heç bir tarif güzəşti yoxdur, xərclərin dövlət tərəfindən ödənilməsi həm də ədalətli olar. Azərbaycanda ibtidai təhsil məcburi,orta təhsil isə pulsuzdur. Belə olan halda məktəb avtobusları da məktəbin balansında olmalı və Təhsil Nazirliyinin maliyyə xərcləri ilə nizamlanmalıdır. Onu da qeyd edim ki,belə avtobuslar adi sərnişindaşıma avtobuslarından fərqli olmalıdır. Təhlükəsizlik və rahatlıq nəzərə alınmalıdır.”


Kanada və ABŞ-da məktəb avtobusları tamamilə azad və müstəqil ictimai nəqliyyat növüdür. ABŞ-da məktəb avtobuslarının sarı-narıncı rənginin, hətta xüsusi adı da var – “sarı xromlaşdırılmış milli məktəb avtobusu” rəngi. ABŞ-da müəyyən mikrorayonda məktəb idarəetməsi üçün təşkil edilmiş xüsusi ərazi dairə rayonları bir qayda ilə avtobusları ya alırlar, ya icarəyə götürürlər, yaxud da məktəb avtobus podratçılarını işə cəlb edirlər. Belə bir podratçı rolunda bu rayonun bütün tədris müəssisələrini avtobuslarla təmin edən özəl şirkətlər çıxış edirlər.

Amerikada, demək olar ki, yarım milyon məktəb avtobusu fəaliyyət göstərir və onların 30%-ə qədəri məktəb avtobus podratçılarına məxsusdur. Podratçılar çox fərqlənirlər: bu, bir avtobusu olan özəl sahibkar da, bir neçə min sarı məktəb avtobusu olan şirkət də ola bilər. London üçün qırmızı ikimərtəbəli “rutmaster”lər ənənəvi olduğu kimi, məhz sarı və uzun məktəb avtobusları Amerika məktəbləri üçün ənənəvi olur. Bir sıra başqa dövlətlərdə, məsələn, Fransa və Almaniyada məktəblər, adətən, uşaqları dərsə daşımaq üçün özəl daşımaçıları icarələyirlər.Ümidvarıq ki, Azərbaycanda gələcəkdə Azərbaycanın “Məktəb avtobusu” proqramına məsul olan şəxslər ən son incəliklərinə qədər bu layihəni reallaşdırıb həm şagirdlərin,həm də valideynlərin rahatlığı üçün böyük bir addım atacaqlar.

Paylaş

 Xəbəriniz olsun