Yeni qanun layihəsi hazırlanır

  • SpaceTV
  • 23 Sentyabr 2019 11:04

Ötən gün daha bir qidadan zəhərlənmə xəbərini aldıq. İsmayılı rayonunda kartof festivalı zamanı 7 nəfər xəstəxanaya yerləşdirildi.

İlkin ehtimal günvurma olsa da, sonradan sağlamlığımıza cavabdeh qurum olan Səhiyyə Nazirliyi qida zəhərlənməsi olması ehtimalını da vurğuladı. Hadisə ilə bağlı polislə yanaşı, Qida Təhlükəsizliyi Agentliyi də məlumatlandırıldı. Bu son bir neçə ayda qarşılaşdığımız ilk zəhərlənmə halı deyil. Bundan öncə də müxtəlif restoranlarda, şadlıq saraylarında kütləvi halda qida zəhərlənmələri qeydə alınıb. Qidamızın Təhlükəsizliyinə cavabdeh olan qurumun yaradılmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq bu istiqamətdə müsbət irəliləyiş yoxdur. Görünür qida təhlükəsizliyi ilə bağlı tutarlı qanun layihəsinin qəbul edilməsinin zamanı yetişib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da belə fikirdədir. O, yeni qanun layihəsində bir sıra məqamlara mütləq diqqət yetirilməli olduğunu deyir.

Cənab Hüseynov bildirir ki, qida təhlükəsizliyi sahəsində boşluqdan biri də sertifikat verilməsi ilə təhlükəsizliyə cavabdehliyin bir qurumun əlində cəmlənməsidir.  Bu fakt şəffaflığa kölgə salır. Çünki belə olduğu halda zəhərlənmə halları gizlədilə bilir. Eyyub Hüseynov qida təhlükəsizliyi ilə bağlı qanun layihəsində şadlıq sarayları ilə bağlı xüsusi müddəanın yer almasının da vacibliyini vurğuladı.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib. Sənəddə qida təhlükəsizliyi sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və digər məsələlər əksini tapıb. Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə ediləcək.

Cəfər Talıb Samir Göylərli Space

Paylaş

 Xəbəriniz olsun