Yeni heyvandarlıq kompleksi

  • SpaceTV
  • 10 Avqust 2020 13:54

Ölkənin maldarlıq təsərrüfatlarında heyvanların cins tərkibinin yaxşılaşdırılması, bu sahədə səmərəli praktik işlərin aparılması geniş baza imkanları tələb edir. Göygöl rayonunda inşa edilən yeni heyvandarlıq təcrübə məntəqələri də bu məqsədlərə xidmət edəcək

Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Respublika Heyvandarlıq  Elmi Tədqiqat İnstitutunun nəzdində yeni heyvandarlıq komplekslərinin inşası aparılır. Kompleksin məntəqələrində əsasən səmərəli cins tərkibli iribuynuzlu heyvanlar saxlanılacaq  və ən əsası, bu cinslərin rayonlaşdırılması ilə yerli şəraitə uyğunlaşmış yerli cinslər alınacaq.

Umumi sahəsi 3 hektardan çox olacaq kompleksin perspektiv fəaliyyət planı  Türkiyə, Rusiya və daha bir neçə dövlətin təcrübəsindən istifadə edilərək, yeri mütəxəssislər tərəfindən hazırlanıb. Yeni kompleksin istifadəyə verilməsi  əlavə iş yerlərinin açılmasına da imkan yaradacaq.

Kompleksin tikinti işlərinin  artıq 40 faizi, o cümlədən yemsaxlama və digər heyvanbəsləmə texniki qurğularının inşası   yekunlaşıb.  Hazırda təcrübə-tədqiqat sahələrinin və  inzibati binaların tikintisi davam etdirilir.

Zakir Muradov, Nazim Quliyev, Space TV

Paylaş

 Xəbəriniz olsun