Yenə qarayara gəldi -FOTO

  • SpaceTV
  • 10 Sentyabr 2019 15:40

2 nəfər qarayaraya tutuldu

Sabirabadda daha iki nəfər qarayara xəstəliyinə tutulub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Hər gün”ə  verilən məlumata görə, 2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəstəxanadan aldığımız ən son məlumata görə həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Mütəxəsislər bildirir ki, qarayara və ya Sibir yarası  kəskin xəstəlikdir. Xəstəlik dəridə kəskin şəkildə nəzərə çarpır. Bəzən bu xəstəliyi “bədxassəli çiban” da adlandırırlar.

Xəstəliyin əlamətləri insanda ağır formalarında kefsizlik, əzginlik, başağrısı varsa, artıq bu bir siqnaldır.  Əgər insana yoluxubsa, birinci günün axırına yaxın bədən hərarətinin 39-40 °C qədər yüksəlməsilə orqanizmin intoksikasiyası inkişaf edir, ürək-damar sisteminin fəaliyyəti pozulur. Xəstəlik yaxşı qurtaranda 5-6 gündən sonra hərarət kritik düşür, yara 2-4 həftədən sonra qopub düşür, yerində çapıq qalır. Xəstəliyin infeksiya mənbəyi xəstə ev heyvanlarıdır.

Qara yaranın dəri formasının ikincili septisemiya ilə ağırlaşması hallarında bədən hərarəti 40-41 °C-dək qalxır. Titrətmə, şiddətli başağrısı, başgicəllənmə, sayıqlama olur, yuxu pozulur, nəbz dəqiqədə 120-160-dək sürətlənir, arterial təzyiq düşür. Xəstələrin bəzilərində bu təzahürlərə qanlı qusma və tez-tez qanlı ishal əlavə olunur.  Prosesin güclənməsi ağır endokarditə və ağciyər ödemi ilə keçən ikincili pnevmoniyaya, soporoz hala, komaya və 1-4-cü gün ölümə səbəb olur. Odur ki, mütəxəsislər xəbərdarlıq edir.

Qeyd edək ki, bir müddət əvvəl də Sabirabad Mərkəzi Rayon Xəstəxanasında yüksək hərarətlə 2 nəfər müraciət etmişdi və onlara qara yara diaqnozu qoyulmuşdu. Xəstələrdən biri 60 yaşlı kişi dünyasını dəyişmişdi. Odur ki, ehtiyyatlı olun!

Lalə Ülviqizi – Rahil Bəhlülzadə – Space

Paylaş

 Xəbəriniz olsun