Yay fəslinin gəlişi ilə əlaqədar olaraq çobanlar İsmayıllı yaylaqlarına üz tutur

  • SpaceTV
  • 2 İyun 2020 16:35

Köç edənlər arasında İmişli, Ağcabədi, Hacıqabul, Şirvan, Kürdəmir və Zərdab rayonlarından gələnlər üstünlük təşkil edir. İmişlidən gələn İsgəndər Xəlilovun 600 baş xırda, 70 baş iribuynuzlu heyvanı, həmçinin 8 dəvəsi var. 10 gündür çöllərdə olan çoban və köməkçiləri İsmayıllının Ərəgit kəndindəki “Kəkal” yaylağına gedirlər.

Ağcabədidən gələn Elman Yusubov isə 55 baş iri, 335 baş xırda buynuzlu heyvana çobanlıq edir. O, digər çobanlarla İsmayıllının Muluğ kəndindəki “Qırxbulaq” yaylağına gedir. Yeddi gündür yolda olduğunu söyləyən çoban digər köçərilər kimi 3-4 ay yaylaqda qalacaqlarını bildirib.

Çobanlar gedəcəkləri ünvana kimi heyvanlarla bərabər gəzərək günlərlə yol qət edirlər. Məsafələr isə bəzən yüz kilometrlərlə uzanır.

Gecələri çadır qurur, növbə ilə sürüyə nəzarət edirlər. Bu işdə iri cüssələri və vahiməli nəriltiləri ilə diqqət çəkən çoban itlərinin də payına çox iş düşür.  Qeyd edək ki, İsmayıllı yaylaqlarına hər il ümumi hesabla təxminən 150-180 min xırda, 10 minə yaxın iribuynuzlu heyvan və 50-dən çox dəvə gəlir. Aidiyyəti qurumlar sürülərdə zoobaytarlıq tədbirlərinin aparılması və heyvanların zoogigiyenik baxımdan təhlükəsiz şəraitdə yay otlaqlarına çıxarılmasına nəzarət edir.

                                                                       VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun