Yaşıllıqlar məhv edilir – VİDEO

  • Space TV
  • 15 Avqust 2020 14:35

Paytaxtın Nərimanov rayonunda yaşıllıqlar məhv edilir. Kifayət qədər geniş ərazidə salınan parkdakı ağaclar baxımsızlıqdan quruyur. Space TV xəbər verir ki, aidiyyatı qurumlar ağacları suvarmaq əvəzinə, quruyanları kəsməklə kifayətlənirlər.

Quraqlıqdan yanıb məhv olan, bir damla suya həsrət ağaclar. Suvarma sistemi olsa da, illərlə suvarılmaması ağacları belə hala salıb. Sözügedən park paytaxtın Nərimanov rayonunda Qafur Murad və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yerləşir. Ərazidə təmizlik işləri aparan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının sözlərinə görə, artezian quyularının motoru yandığından uzun müddətdir ki, ağaclar suvarılmır. Nəticədə parkdakı ağacların yarıdan çoxu quruyub, ya da kimlərsə tərəfindən kəsilib.

Parkın bəzi əraziləri isə, müxtəlif şəxslər tərəfindən zəbt edilib. Təəssüf ki, zəbt edilən ərazilərdə ağaclara divan tutulub. Ağacların suvarılmasına Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdeh olduğunu öyrəndik. Çəkiliş apardığımız zaman əraziyə Nərimanov rayon icra hakimiyyətinin də rəsmiləri gəldi. Lakin suallarımıza cavab verməkdən yayındılar.

Qeyd edək ki, parkın ərazisindəki ağaclar 2013-cü ildən bəri müxtəlif dövrlərdə keçirilən iməciliklər zamanı əkilib. Mövzuya qayıdacağıq. 

Paylaş

 Xəbəriniz olsun