“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı iclas keçirildi – FOTO

  • Space TV
  • 18 Dekabr 2020 14:19

“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında iclas keçirilib.

Konfederasiyadan verilən məlumata görə, məlum olduğu kimi, 8 dekabr 2020-ci il tarixində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması haqqında ölkə prezidentinin müvafiq Fərmanı olub və hazırda ictimaiyyətin böyük rəğbətlə qarşıladığı bu fərmandan sonra Fonda ianələrin köçürülməsində Azərbaycan sahibkarları aktivlik göstərirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “YAŞAT” Fonduna ianələrin köçürülməsində sahibkarların daha da səfərbər olunması və bu xeyirxah addımların davamlı xarakter almasını təmin etmək üçün Konfederasiyanın vitse-prezidentləri, məsləhətçilər və icra aparatının iştirakı ilə iclas keçirib.

Məmməd Musayev bildirib ki, 44 günlük müharibə xalqımızı bir yumruq ətrafında birləşdirdi və Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. “Torpaq su tökülərsə palçıq, qan tökülərsə Vətən olar”, kəlamını xatırladan ASK prezidenti, Milli Ordumuzun fədakarlığı, qəhrəmanlığı nəticəsində tariximizin şanlı səhifələrinin yazıldığını vurğulayıb:

“Biz şəhid ailələrinə, qazilərimizə həmişə borcluyuq və onların sosial şəraitinin daha yaxşı olması üçün əlimizdən gələni etməliyik”.

Sonra iclasda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Abbasov, Vüqar Zeynalov, Jalə Hacıyeva, Zakir Nuriyev, Zakir Əzimov rəhbərlik etdikləri qurumların qazilərimizə, şahid ailələrinə etdiyi yardımlarla bağlı məlumat verib.

M.Musayev bu addımların daha da genişləndirilməsi üçün respublikamızdan kənarda yaşayan azərbaycanlı iş adamlarına, ASK-nın xaricdəki nümayəndələrinə də müvafiq məlumatların ötürülməsini tapşırıb. 

“Məlumdur ki, COVID-19 pandemiyası ölkəmizdə də sahibkarlığa mənfi təsir göstərib, amma bu ümumi işimizdir və daha aktiv olmalıyıq”, – deyə Konfederasiya prezidenti vurğulayaraq, bütün iş adamlarını ölkə Prezidenti cənab İlham Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq, Fərmanın icrasının təmin olunmasında maksimum aktivlik  göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırıb.

Paylaş

 Xəbəriniz olsun