Yardımlıda nişanlı gənclər yanaşı dəfn olunub

  • SpaceTV
  • 11 Noyabr 2019 15:16

Bu həftə Yardımlı sakini 33 yaşlı Azər Hüseynov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi və nişanlısının yanında dəfn olundu. Təsirli sevgi hekayəsi 7 il bundan əvvəl başlayıb. Azər valideyninin məsləhəti ilə öz qohumlarından olan və rayonun Osnakəran kəndində yaşayan Gülər adlı qızla nişanlanır. Zamanla onlar doğmalaşır və aralarında yaranan məhəbbət daha da böyüyür. Azərlə Gülər 1 ildən çox nişanlı qalsalar da, təəssüf ki, nişan evliliklə bitmir. Buna Gülərdə tapılan xəstəlik mane olur. Baxmayaraq ki, o, heç də zəif qız deyildi, amma təəssüf  ki,  o xəstəliyə ona qalib gələ bilmir.

Gülər 2014-cü ildə ürək çatışmazlığından dünyasını dəyişir. O, səhhətində yaranmış problemlərlə bağlı vəziyyətinin ağırlaşdığı günlərdən birində yaxınlarından bir xahiş edir. Gülər Azərə deyiləsi sözünün olduğunu bildirir. Onların son görüşü baş tutur və Azərə deyilən sözlər, onlar arasında gedən söhbət həmişəlik sirr olaraq qalır.

5 il bundan əvvəl qapını döyən vaxtsız ölüm gənc cütlüyü bir birindən ayırır. Gülərin həyatda olmaması gerçəyi, artıq onu görə bilməməyin acı həqiqəti Azərin səhhətində də öz sözünü deməyə başlayır. Nə hikmətdirsə, yolda, hər hansı küçədə, ya da bir məkanda Azərlə rastlaşanlar gündən-günə onun necə “əridiyinin” şahidi olurdular.

Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyyə etsə də, o, heç vaxt razılaşmır və nəticədə ağır xəstəliyə düçar olur. Ağciyərində olan problemlər səbəbindən xeyli müalicə alsa da, heç nə kömək eləmir, vəziyyəti ağırlaşmağa doğru gedir. Ömrünün son günlərində qardaşına vəsiyyət etmək qərarına gələn Azərin son istəyi isə belə olur..

İllər keçməsinə baxmayaraq nişanlısının vaxtsız ölümüylə barışa bilməyən, onu xəstəliyin əlindən almağı bacarmayan Azər özü də xəstəliyə təslim olur. 34 yaşını qeyd eləməsinə bir neçə gün qalmış Güləri görə bilmədiyi bu dünyaya gözlərini əbədi yumur. Vəsiyyətinə uyğun olaraq Azərin cənazəsi nişanlısının torpağa tapşırıldığı kəndin məzarlığına gətirilir və 5 il əvvəl dünyasını dəyişən Gülərin yanında dəfn edilir. Kənd camaatı sözügedən nişanlı cütlüyün sevgi hekayəsindən danışarkən əslində bir çox sevgili və ailələr üçün örnək olan bəzi məsələlərə toxunurlar.

Bu nakam sevgi hekayəsi həm də sədaqət nümunəsidir. Nişanlı cütlüyün bu təsirli alın yazısı və yaşadıqları çətinliklər onların sevgisini sınağa çəkdi. İndi qəbiristanlıqda yanaşı olan Azərlə Günayı ziyarətə gələnlər, cütlüyün başına gələnlərdən xəbər tutanlar çox yaxşı bilirlər ki, bu çətin sınaqdan onların hər ikisi uğurla keçə biliblər.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun