Yanmış evdən 58 yaşlı kişinin meyiti tapıldı -Təfərrüat

  • Space TV
  • 16 Dekabr 2019 12:19

Rayonunun Şiyəkəran kəndində yaşayan hər kəs ötən həftə yanan evdən xəbər tutdu. Həmin ev Sadiq Əliyevin atasına məxsus olsa da, özü orada tək yaşayırdı. 3 otaq və aynabənddən ibarət ev 20 m² sahədə yanmışdı. Evin qalan hissəsi isə yanğından mühafizə olunmuşdu. Yanğınsöndürənlər evdə 58 yaşlı kişinin – Cabir Əliyevin meyitini tapdılar. Mərhum Sadiq Əliyevin dostu idi, belə deyək, içki dostu idi. Bir məhəllədə yaşayan, qonşu olan kəndlilər çox vaxt sərxoş halda olurdular. Evi yanan vaxt da sərxoş olan Sadiq Əliyev ona sual verənlərə Cabirin içəridə olduğunu, özünün isə bazardan yenicə gəldiyini deyirdi və özünü qəribə aparırdı. 

İlkin olaraq, Cabir Əliyevin yanğın nəticəsində öldüyü faktı irəli sürülürdü. Lakin meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində daxili və xarici müayinə olunduqdan sonra dəhşətli fakt ortaya çıxdı. Sən demə, Cabir Əliyev küt alətlə vurulduqdan sonra 4 bıçaq zərbəsi də alıb. Beləliklə, aydın oldu ki, Sadiq Əliyev dostunu öldürüb və üstəlik öz evini yandırıb. Araşdırmalarımıza görə, cinayətkar 6 ay əvvəl azadlığa çıxmışdı, ümumilikdə isə o, 20 ilə yaxın məhkumluq həyatı yaşayıb. Hətta əvvəllər Rusiyada polis şöbəsində çalışıb. İşindən uzaqlaşdırıldıqdan bir müddət sonra polis işçisini qətlə yetirib. Buna görə 10 il həbs cəzası alıb. Astaraya gələndən sonra isə müxtəlif səbəblərdən bir neçə dəfə həbsə düşüb, bir neçə dəfə də ailə həyatı qurub, heç biri uğurlu alınmayıb. Hazırda isə tək yaşayan Sadiq dostunu öldürməklə onun 3 övladını atasız qoydu.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun