XX əsrin qanlı soyqırımı: Xocalı faciəsindən 28 il ötür

  • SpaceTV
  • 26 Fevral 2020 10:51

Ermənilərin bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən 28 il ötür. Hər bir azərbaycanlı bu dəhşətli qətliamın dünyada tanıdılmasında fəal iştirak etməli, ermənilərin bu vəhşiliyi barədə beynəlxalq ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın.

XX əsrdə Xocalı üç dəfə– 1905-1906, 1918-1920-ci illərdə və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalı cəhdinin çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbdə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanın Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

63 nəfər uşaq,106 nəfəri qadın,70 nəfəri isə qoca idi.Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib.25 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir . 487 nəfər yaralanmışdır, onlardan 76 nəfəri uşaq idi.Ümumilikdə genosid nəticəsində 1275 nəfər əsir götürülüb,150 nəfər itgin düşüb

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:

Krua l’Eveneman jurnalı(Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti(London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya(Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Hücumun iştirakçıları

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.

Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Tarix unutmayacaqdır

Bu gün Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli tədbirlər həyata keçirir. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən “Soyqırımının qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ­103-cü maddəsini əldə əsas ­tutur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev, Birinci Vitse-prezident, Heydər Əliyev Fondu və fondun vitse- presidenti Leyla xanım Əliyeva tərəfindən də davam etdirilir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Elə dövlət başçımızın bu günlərdə Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə tutarlı cavabları da bunu təsdiqləyir.

Gün gələcək, dünya bu soyqırımnı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Bundan ötrü biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq. Bu, hər bir soydaşımızın ən ümdə borcudur.

Paylaş

 Xəbəriniz olsun