“Xocalılı Ləfixanım”

  • SpaceTV
  • 12 Sentyabr 2019 12:08

“Xocalılı Ləfixanım”  adlı sənədli filmin təqdimatı keçirilib.

Filmdə ailənin sonbeşiyi olan Ləfixanım və bütün ailə üzvlərinin iştirakı ilə Xocalı faciəsi yenidən göz önünə gətirilib, o dəhşətlər yenidən yaşanıb.FilmXocalıda baş verən soyqırımı zamanı yaşananreal hadisələri əks edirir.

38 dəqiqə davam edən filmdə Xocalı faciəsini yaşayanlardan biri Salman Abbasovun ailəsi təsvir edilib. Ailənin bir neçə üzvü ermənilər tərəfindən əsir götürülüb. Hücum o qədər qəfil olub ki, ailə üzvləri evdən çıxanda ayaqqabılarını geyinməyə də imkan tapa bilməyiblər.  Onlar  yalınayaq qarlı yollardan, meyit və yaralılarla dolu meşədən keçərək erməni quldurlarının əlindən canlarını qurtarmağa çalışıblar.  Əsirlik müddətində ailəyə dəhşətli işgəncələr verilib.  Dözülməz işgəncələrə məruz qalan ailə üzvləri 19 gün ac-yalavac qalandan sonra geri alınıblar.

Tədbirdə layihənin rəhbəri Məhluqə Rəhimova məşum fevral gecəsində baş verənləri xatırladaraq həmin hadisələr nəticəsində bir ailənin üzləşdiyi dözülməz ağrıları ekrana çıxaran filmin yaradıcı heyətini təqdim edib. “Xocalılı Ləfixanım” filminin ssenari müəllifi Mahir Qəribov, rejissoru İsmayıl Musayev, tarix elmləri doktoru Anar İsgəndərov, şair Eldar İsmayıl və başqaları xalqımızin tarixi yaddaşında ən dəhşətli faciələrdən biri kimi iz qoyan Xocalı soyqırımı, erməni işğalçılarının törətdiyi qandonduran vəhşiliklər, onların əsassız ərazi iddiasının qurbanı olan sadə adamların yaşadığı dözülməz məhrumiyyətlər barədə danışıblar.

Qeyd olunub ki, faciə barədə çəkilən sənədli filmlərlə yanaşı, bütövlükdə Xocalı hadisələrini əks etdirən filmin çəkilişinə də ehtiyac var.

 Sonda filmin təqdimatı baş tutub.

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun