XİN-dən İranın Azərbaycana dəstəyi ilə bağlı AÇIQLAMA

  • Space TV
  • 4 Noyabr 2020 10:20

“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk”.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd olunub:

“Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır”, – deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib.

Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk.

İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən, bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir”.

Paylaş

 Xəbəriniz olsun