Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

  • SpaceTV
  • 13 Sentyabr 2019 17:46

İllik toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapmasını mətbuatın  inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyduğunu bildirdi. O qeyd etdi ki, 2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb, bundan başqa, jurnalistlər üçün çoxmənzilli 2 yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir.

Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən bu qurumun üzvüdür. O, qeyd etdi ki, Azərbaycanda son illərdə media sahəsində bir çox uğurlar əldə olunub. 1998-ci ildə ölkədə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. 

Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq. Bu sözləri isə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Tədbirdə qeyd olundu ki,  hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur.Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur, 300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir.

Qeyd edək ki, toplantıda 100-ə dək media nümayəndəsi iştirak edirdi. Toplantı sentyabrın 15-nədək davam edəcək.

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun