Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

  • SpaceTV
  • 6 İyul 2020 12:06

Karantin rejimi müddətinin iyulun 20-dək uzadılması ilə əlaqədar ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb. 

Qeyd olunub ki, qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər.

Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur.

Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.

Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun