Xalq artisti Vaqif Mustafayevin doğum günüdür – VİDEO

  • Space TV
  • 29 Avqust 2020 13:58

         Vaqif Mustafayev 1953-cü il avqustun 28-də Bakıda anadan olub.  Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq və ssenaristlik kurslarını bitirib.

1973-cü ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, 1977-ci ildən rejissor, 1985-ci ildən rejissor və quruluşçu- rejissor vəzifələrində işləyib, bir neçə bədii filmin müəllifi olub.

O, “Astarı üzündən baha”, “Atamın sənəti”,  “Belə də olur”, “Belə lazımdır”, “Bəyin oğurlanması”, “Bumeranq”, “Dua”, “Əbədi mühərrik”,”Fədailər”, “Qıfılbəndin açması”,  “Mastika”, “Məsələ № 777”, “Musiqili xaş”,  “Nankorluq”, “Özbaşınalıq”, “Proloq”, “Sayı çox…”,  “Sökmək asandır”, “Sözün çəkisi”, “Sübut”, “Ütü də gözəllikdir”, ” “Üzr istəyirəm”,  “Yaramaz”, “Nakəs”,  “Yeganə əlac”,  “Yeni iş üsulu”, “Yenilik”, “Yerlə göy arasında”, “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Heydər Əliyev”, “Heydər Əliyev- General”, “Heydər Əliyev- Birinci”, “Heydər Əliyev- Moskva. Kreml”, “Heydər Əliyev- Lider”, “Heydər Əliyev- Tale”, “Heydər Əliyev- Əsl məhəbbət haqqında”, “Heydər Əliyev- Bir həsədin tarixi”, “Heydər Əliyev- Professional”, “Heydər Əliyev- Do Patriot”, “Heydər Əliyev- Xüsusi təyinat”,  “Milli bomba”, “Yoxlama” kimi ekran əsərlərinin rejissorudur.

Filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb. 2001-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Vaqif Mustafayevin “Belə lazımdır” qısametrajlı filmi  “Ən yaxşı rejissor işinə görə” (Moskva, 1982), “Musiqili xaş” “Ən yaxşı ssenariyə görə” (Moskva, 1983) mükafatlarına, “Yaramaz” tammetrajlı bədii filmi Azərbaycan Dövlət mükafatına (1988), Bolqarıstan, Yaponiya, ABŞ, Kanada və başqa ölkələrdə keçirilən kino festivallarının əsas mükafatına layiq görülüb. “Nakəs tammetrajlı bədii filmi” “Qızıl qartal” kinofestivalının iki əsas mükafatı (Tbilisi, 1991) və Avropa Türk – İslam Kültür birliyinin Qızıl medalı, “Hər şey yaxşılığa doğru” qısametrajlı bədii filmi beynəlxalq kino festivalının 4 mükafatının hamısı ilə təltif edilib.  “H.Əliyev. Əsl məhəbbət haqqında” – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr edilmiş sənədli bədii silsilə filmlərin altıncı filmi IV “Avrasiya Teleforum” festivalında əsas mükafata layiq görülüb.

Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. Serbiya prezidenti Tomislav Nikoliçin qərarı ilə 2 sentyabr 2013-cü ildə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Serbiya bayrağı” ordeni ilə təltif edilib. Vaqif Mustafayev 8 may 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. 2017-ci ildə Ukrayna KİV İşçiləri Assosiasiyası tərəfindən “Согласия” Qızıl Ordeni ilə təltif olunub.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, 28 avqust 2003-cü ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb, 28 avqust 2013-cü ildə isə silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, «Şərəf» ordeni ilə təltif olunub.

Vaqif Mustafayev hazırda “Space” televiziya kanalının rəhbəridir.

Paylaş

 Xəbəriniz olsun