Xalac qəbristanlığı

  • SpaceTV
  • 2 Dekabr 2019 16:19

Salyanda 10 yaşayış məntəqəsi sakinlərinin yaxınları, doğmaları Xalac qəbristanlığında torpağa tapşırılıb. Məzarlar dəmir çərçivələrlə və daş hasarlarla əhatə olunduğundan son illər qəbristanlıqda sıxlıq yaranmış, dünyasını dəyişənləri son mənzilə yola salıb  dəfn etməkdə belə çətinliklər yaşanmış olurdu.

Xalac kənd qəbristanlığında bu problemə son qoymaq üçün ağsaqqallar, dini icmaların üzvləri bir araya gələrək kənd aramgahında abadlıq işlərinin aparılmasına qərar veriblər. Əvvəlcə qəbir sahibləri məlumatlandırılıb. Hər kəs bu fikri dəstəklədikdən sonra işə rəvac verilib. Artıq bir neçə aydır ki, qəbristanlıqda məzarların ətrafına çəkilən dəmir çərçivələr və daş hasarlar sökülüb. Ərazi genişləndiyindən indi gediş-gəliş daha da asanlaşıb.

Qəbristanlıqda aparılan abadlıq işləri zamanı 300 Kamaz ot-ələf, 50 min ədəd mişar daşı çıxarılıb. Kanalın üzərində hündürlüyü 3 metr olan torpaq təmizlənib və həmin ərazidən 3 min yük maşını ilə torpaq daşınıb. Biri 50, 6-sı 20 tonluq olan 7 su hovuzu, 4 yerdə ayaq yolu tikilib. Hazırda məzarlar səliqə-sahmana salınır, qollu-budaqlı ağaclar budanır, ətrafda ağartma işləri aparılır. Eyni zamanda yaşıllqlar salınıb, skamyalar quraşdırılır. Doğmasının məzarını ziyarətə gələn üçün də rahatlıq olsun deyə. Ellikcə, birlikdə çalışmağın nəticəsi göz qabağındadır. Hər bir kənd sakini təmənnasız gördüyü işdən zövq alır.

Axirətə aparan yolun son dayanacağında kənd əhli 5 min ədəd ağac və gül kolunun əkilməsini nəsərdə tutub. Hazırda bu müqəddəs məkanda 400 ting basdırılır-gələcəkdə kölgəlik olsun deyə. Sökülmüş mişar daşları isə qəbristanlığın ətrafının  hasara alınmasında istifadə olunacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun