Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi paytaxt Bakı şəhərində uğurla davam edir.
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət ötən gün paytaxt sakinlərin istifadəsinə verilib. Ümumi sahəsi 12000 kvadratmetr olan həyət Xətai rayonu, Lütfi Zadə 10, M.Rüstəmov 21, Sarayevo 19 ünvanlarında 2500 nəfər sakinin yaşadığı beş 9 mərtəbəli və iki 16 mərtəbəli binaları əhatə edir.
Lahiyə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların da rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədi ilə ərazidə mini futbol və basketbol meydançaları, şahmat meydançası, söhbətgahlar, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılıb.
Eyni zamanda, ərazidə velosiped yolu, 10 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 4min 500 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Məlumat üçün bildirək ki, bu gün sakinlərin istifadəsinə verilmiş abad həyət “İDEA İctimai Birliyinin” təşəbbüsü ilə abadlaşdırılmış 30-cu həyətdir.
Rəşad Vəkiloğlu Space