Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar təxliyyə edildi

  • Space TV
  • 4 Dekabr 2020 11:10

COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşmüş iki azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vyetnam Sosialist Respublikasının Phu Quoç adasından Azərbaycana təxliyyə olunub.

Spacetv.az xəbər veirr ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasının vətəndaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadənin Dövlət Komitəsinə ünvanladıqları müraciətdə bildirilib ki, restoran sahəsində çalışmaq üçün 2020-ci ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşsalar da, COVID-19 pandemiyası səbəbindən bütün planları pozulub və maddi baxımdan çətin duruma düşüblər.

Məsələyə çevik reaksiya verən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyyəsi üçün mümkün aspektləri müzakirə edib.

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyyə prosesi həyata keçirilib.

Artıq, hər iki vətəndaşımız – Nurəddin Cavadov və Hüseyn Mehtizadə Azərbaycana qayıdaraq ailələrinə qovuşublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, mümkün dəstəyi göstərir.

Paylaş

 Xəbəriniz olsun