“Video Doktor” mobil tətbiqi istifadəyə verilib – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 13:10

“Video Doktor” mobil tətbiqi istifadəyə verilib.  Space TV-nin məlumatına görə, tətbiq  distant  tibbi  konsultasiyaların  həyata  keçirilməsilə COVİD-19 pandemiyası  dövründə  tibb  işçiləri və pasiyentlərin sağlamlığını qorumaq, eləcə də  aralarında yaxın təmasların azaldılması  üçün nəzərdə tutulub. Eyni zamanda tətbiq xroniki xəstəliklərdən əziyyət çəkən və hazırda tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə də  köməklik  göstərir.

Yeni istifadəyə verilən  “Video Doktor” tətbiqindən istifadə həm həkim, həm də pasiyentlər üçün olduqca rahat və sərfəlidir.

Maraqlıdır ki, tətbiqin köməyi ilə hər bir xəstənin tibbi kartının  yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlər də  nəzarətdə saxlanılır.

Onu da qeyd edək ki, bu mobil proqramın vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər.

Tətbiqin digər üstünlüklərindən  biri də odur ki,  xəstə  mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qan şəkəri səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə  göndərə bilər. Həkimlər, öz növbəsində pasiyentlərinin xəstəxanadan çıxdıqdan sonra belə vəziyyətlərini izləyə bilərlər.

Artıq istifadəyə verilən  “Video Doktor” mobil tətbiqi istənilən Android və iOS əməliyyat sistemli cihazlara müvafiq olaraq Google Play və AppStore-dan asanlıqla yüklənilə bilər.

Paylaş

 Xəbəriniz olsun