Vətənin müdafiəsinə hazıram!

  • SpaceTV
  • 1 Oktyabr 2019 18:16

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Respublika Gənclər Fondu, eləcə də Gəncə şəhəri İgra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncənin Heydər Əliyev Parkındakı Amfiteatrda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik kütləvi  tədbirinə minlərlə insan qatılıb. Bu görüş  gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi, onlarda  vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə yerlərdə mütəmadi olaraq təşkil olunan ictimai tədbirlərdəndir. Tədbirdə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər millətimizin, xüsusən Azərbaycan gəncliyinin daim vətənpərvərliyi ilə fərqləndiyini qeyd edərək vurğulayıblar ki, 2016-cı ilin aprel döyüşləri Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hər an azad etmək gücünə qadir olduğunu bir daha göstərib. Tədbirdə hərbi orkestrin, eləcə də vətənpərvərlik mövzulu mahnı ifaçılarının çıxışları böyük sevgi hissləri ilə qarşılanıb. Ədəbi-bədii-musiqili çıxışlar sona yetdikdən sonra ordu sıralarına yollanan gənclər səhnəyə çıxıblar. Onlar müqəddəs Azərbaycan Bayrağını öpərək, Vətənə layiqli övlad kimi xidmət göstərəcəklərinə söz veriblər.Tədbirin sonunda çağırışçılar və onların valideyinəri hərbi xidmətə yollananları gözləyən avtobuslara sarı uz tutublar. Valideyinlər övladlarını ən xoş arzularla yola salıblar. Çağırışçılar avtobuslara minərək, xidmət edəcəkləri məkanlara yola düşüblər.

ZAKİR MURADOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun