Vətəndaşlarımızın taleyi

  • Space TV
  • 16 Mart 2020 17:08

Virusdan dünyasını dəyişənlərin sayına görə Çindən sonra 2-ci yerdə qərarlaşan İtaliyada 1 gün ərzində  koronavirusdan ölüm halı 368 nəfər təşkil edib. İspaniyada isə COVİD-19 virusuna yoluxanların sayı 36 faiz artıb. Ölkədə fövqəladə vəziyyət elan olıunub. Bu təhlükəli rəqəmlər isə bir vacib məsələni önə çıxarır. Həmin ölkələrdə yaşayan, təhsil alan  azərbaycanlı həmvətənlərimiz  təxliyyə olunacaqmı? Xarici işlər nazirliyindən sualımıza cavab olaraq  bildirildi ki, azərbaycanlı vətəndaşların  təxliyyəsi ilə bağlı hələlik hər hansı məlumat yoxdur. Bu, Nazirər Kabineti yanında operativ qərargahın rəyindən  asılı olacaq.  

Qeyd edək ki,İtaliyada virusdan sağalanların sayı 2335 nəfər olub.Ölüm faktı 1809, yoluxma faktı 24,7 min nəfər təşkil edir. Ən çox yoluxanlar Lombardiya əyalətindədir. Belə ki, burada gün  ərzində 252 nəfər ölüb, 1000 nəfər virusa yoluxub. İspaniyada isə koronavirusdan 136 nəfər ölüb, 517 nəfər sağalıb.Yoluxanların 2 940 nəfəri Madrid muxtariyyatının payına düşür.Hazırda ölkədə təhsil müəssisələrilə yanaşı iaşə, əyləncə, idman müəsssisələrinin də fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, hər iki ölkədə yüzlərlə soydaşımız yaşayır. Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirib ki, dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır. Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir.

Vəziyyətin təhlükəli olduğu İspaniyanın Madrid Şəhərində yaşayan həmyerlimiz bloger Mətanət Qasımzadə deyir ki, insanlara evdən çıxmağa qadağa qoyulub.

Almaniyanın Bradenburq Texniki Universitetinin  magistrantı Qurban Məmmədov televiziyamıza açıqlamasında bildirdi ki, ölkədə virusla bağlı məktəblər, universitetlər, baxçalar fəaliyyətini dayandırıb.

AZAL-ın mətbuat xidmətindən aldığımız məlumata görə, bu gündən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı, AZAL vasitəsilə Bakı-Lvov-Bakı, sabahdan etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;  Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı; Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı; “Air Arabia”, “Ethiad”, “Fly Dubai” vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja; S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk; “UralAirlines” vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq; “Utair” hava yolları vasitəsilə Surqut-Bakı-Surqut, 18 mart tarixindən etibarən “İrAero” hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk; 24 mart tarixindən isə AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı marşrutları üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun