Vətəndaş məmnunluğu

  • SpaceTV
  • 2 Oktyabr 2019 16:48

Təxminən 1 aydan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrini daha rahat və asan şəkildə əldə edə biləcəklər. Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının  ərazi polis orqanları və “ASAN xidmət”  mərkəzlərində fəaliyyət göstərən əməkdaşları tərəfindən ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək. Bununla bağlı dəyişikliklər Daxili İşlər naziri Vilayət Eyvazovun şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmrində nəzərdə tutulub.  Nazirliyin baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Jalə Nəsibova bildirdi ki, bu barədə vətəndaşların müraciəti noyabrın 1-dən təmin ediləcək. Kiçik bir misal gətirək. Əgər siz Şamaxı rayonunda qeydiyyatdasınızsa və Bakıda olduğunuz müddətdə şəxsiyyət vəsinqənizi yeniləmək istəyirsinizsə  bu zaman Şamaxıya getməyə ehtiyac qalmayacaq. Paytaxtda fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində şəxsiyyət vəsiqənizi asanlıqla dəyişə biləcəksiniz.”  Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir. Ümumilikdə isə  Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun