Vətən müharibəsinin qazisi olan jurnalistə “İdman mediasının fəxri” mükafatı verildi – FOTO

  • Space TV
  • 30 Dekabr 2020 18:25

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əzizlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan AİJF-nın prezidenti Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakına görə D.Əzizə qurumun üzvləri adından təşəkkür edib və onu idman jurnalistlərimizin fəxri adlandırıb.

Səmimi görüşə görə AİJF rəhbərliyinə təşəkkürünü bildirən Daşqın Əziz müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən qürur hissi keçirdiyini bildirib:

“44 günlük müharibə zamanı əli silah tutan hər bir kəs doğma torpaqları uğrunda cəsarətlə ölüm-dirim savaşına can atırdı. Bütün azərbaycanlıların ürəyi doğma Qarabağla döyünürdü və hər birimiz yalnız qələbə uğrunda döyüşürdük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların haqqı ödənməz”.

D.Əziz görüş zamanı qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Görüşdə Qabil Mehdiyev Daşqın Əzizə AİJF-nin “İdman mediasının fəxri” mükafatını, Firuz Abdulla isə üzvlük vəsiqəsini və xatirə hədiyyəsini təqdim edib. Həmçinin, İdarə Heyətinin qərarı ilə AİJF tərəfindən D.Əzizə müalicəsinə dəstək məqsədi ilə maddi yardım da göstərilib.

Tədbirdə qeyd olunub ki, Vətən müharibəsində iştirak edən digər idman jurnalistləri ilə də AİJF-də yanvar ayı ərzində görüşlər keçiriləcək. Karantin qaydalarına riayət edilməsi məqsədilə və bəzi idman jurnalistlərimizin hələ də ordu sıralarında olması nəzərə alınaraq görüşlərin fərdi qaydada keçirilməsi qərara alınıb.

Paylaş

 Xəbəriniz olsun