Üzgüçülərimiz Latviyada 10 medal qazandı

  • Space TV
  • 3 Mart 2021 17:00

“97-ci Latviya Açıq” beynəlxalq turniri lisenziya xarakterli olduğundan çox əhəmiyyətli idi. Bu yarışda üzgüçülərimiz 10 medal qazandı. 

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı verib.

Federasiya rəsmisinin sözlərinə görə, üzgüçülərimizdən Maksim Şemberyev 400 m qarışıq üsulla və 1500 metr sərbəst üsulla üzmədə, Fatimə Alkərəmova isə 400 və 800 metr məsafədə sərbəst üsulla üzmədə bütün rəqiblərini geridə qoyaraq hərəyə iki qızıl medal qazanıblar.

Həmin turnirdə Ramil Vəlizadə 200 m baterflayda, Selcan Əbdurahmanlı 400 və 800 metr sərbəst üsulla üzmədə, Ayanisə Kələntarova 400 metr qarışıq üsulla üzmədə ikinci yerləri tutaraq gümüş medala sahib olublar.

Ramil Vəlizadə bu göstərici ilə 2022-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçiriləcək Dünya çempionatına vəsiqə qazanıb.

Üzgüçülərimizdən Vəli İsrafilov 200 metr brass üsulu ilə üzmədə, Məryəm Şeyxəlizadəhangah isə 100 metr məsafədə baterflay üsulu ilə üzmədə bürünc medalla kifayətlənib. Ümumilikdə isə, bu beynəlxalq turnirə 12 idmançı ilə qatılan milli komandamız 10 medal qazanıb.

Yarışda həm də Selcan Əbdürəhmanlı 800 metr sərbəst üsulda, Maksim Vorontsov 1500 metr sərbəst üsulda, Ayan Kələntərova isə 400 metr qarışıq üsulda idman ustası normativini yerinə yetiriblər.

“Bu nəticələr pandemiya şəraitində çox böyük sıçrayış hesab olunur. Bildiyiniz kimi, uzun müddət milli komandamız yalnız quruda məşqlərlə kifayətlənməli oldu. Sonradan federasiya ilə Gənclər və İdman Nazirliyinin birgə səyi nəticəsində üzgüçülərimiz müxtəlif beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdilər. Son belə toplantı isə fevral ayının 7-dən Türkiyənin Ərzurum şəhərində beynəlxalq yüksək dağlıq təlim-məşq toplanışında reallaşdı. Bu toplanışda Türkiyənin ən güclü klubları “Qalatasaray”, “Fənərbaxça”, eləcə də Macarıstan və Niderland yığmaları iştirak etdi. 18 gün keçən təlim-məşq toplanışından sonra komanda Latviyadakı beynəlxalq yarışa qatıldı və nəticə çox qənaətbəxş oldu”, – deyə, Fərid Bənənyarlı əlavə edib.

Paylaş

 Xəbəriniz olsun