Ürək üçün dörd məşhur bioəlavə haqqında həqiqət

  • SpaceTV
  • 18 Yanvar 2020 17:39

Xolesterol səviyyəsini izləmək məntiqli ideyadır, xüsusən də hər üç nəfərdən birində “pis” xolesterolun yüksək səviyyəsi (aşağı sıxlıqlı lipoprotein LDL) müşahidə olunursa. Artan yüksək xolesterol səviyyəsi riski ilə qarşılaşdığınız və dərman preparatlarının təsirsiz olduğu zaman reseptsiz preparat və bioəlavələr əldə etməyi düşünə bilərsiniz.

“Lakin bu preparatların qəbuluna başlamazdan əvvəl iki dəfə düşünmək lazımdır”, – tibb elmləri doktoru, Con Hopkins Universitetinin kardioloqu və Lipid Mübadiləsinin Müasir Pozğunluqları Mərkəzinin direktorlarından biri Set Martin cavab verib.

Balıq yağı

Tərkibində Omeqa-3 yağ turşuları olan balıq yağı ilə qida əlavələrinin tərəfdarları onların ürək sağlamlığı üçün faydalı olduğunu iddia edirlər, çünki bu qida əlavələri ürək tutması, insult, ürək çatışmazlığı və ürəyin işemik xəstəliyinin qarşısını alır.

Tibbi praktikada balıq yağı yüksək xolesterol səviyyəsi olan xəstələrdə deyil, ağır triqliserid pozğunluqları olan xəstələr üçün istifadə olunur.

500 mq/dl və ya daha çox  xolesterol səviyyəsi olan, həmçinin, pankreatitin inkişaf riski artan xəstələrdə Omeqa-3 terapiyası trigliserid səviyyəsini 30-50% azalda bilər.

“Bu halda Omeqa-3 preparatının keyfiyyəti mühüm amildir. Bir qayda olaraq patentləşdirilməmiş preparatlarla trigliseridlərin bu dərəcədə azalmasını əldə edə bilməyəcəksiniz, çünki onlarda aktiv inqredientlərin dozası balıq yağı ilə müqayisədə xeyli, hətta reklam olunandan da azdır”, – Martin deyir:

“Patentsiz Omeqa-3 preparatlarının tərkibində zərərli xolesterol səviyyəsini artıran yüksək miqdarda toksik doymuş yağ ola bilər”.

Patentləşdirilməmiş Omeqa-3 markaları keyfiyyət və tərkib baxımından tənzimlənmir, buna görə də siz, əslində, nə qəbul etdiyinizi bilmirsiniz. Martin qeyd edir ki, əlavələr qəbul etmək əvəzinə balıq, doymamış yağlar, məhdud miqdarda sadə şəkər istifadəsi daxil olan ürək üçün faydalı pəhriz, həmçinin, müntəzəm fiziki məşqlərin yerinə yetirilməsi – triqliseridlər və xolesterola nəzarətin ən təhlükəsiz üsuludur.

Qırmızı maya düyü

Qırmızı maya düyü Pekin üsulu ördək kimi yeməklərdə və Çin təbabətində istifadə olunur. Qırmızı düyü müəyyən maya ştammları ilə qıcqırdıldıqda çox aşağı dozada statin yaradır. Statinlər zərərli xolesterolun yüksək səviyyəsini aşağı salmaq üçün təyin edilir. Bəzi xəstələr reseptli statinlərdən daha təbii və təhlükəsiz olduğuna inanaraq qırmızı maya düyü istehlak edirlər.

Qırmızı maya düyü əlavələrinin təhlili göstərir ki, 11 məhsuldan dördünün tərkibində sitrinin adlı bir maddə var. Bu qırmızı maya düyünün fermentasiyası zamanı mühitə diqqətlə nəzarət edilmədiyi təqdirdə kultivasiya prosesi zamanı inkişaf edir. Sitrininin heyvanlarda böyrək çatışmazlığına və insan hüceyrələrində genetik ziyana səbəb olduğu aşkarlanıb.

Digər tərəfdən, resept üzrə buraxılan statinlər toksiklik səviyyəsi baxımından ciddi şəkildə tənzimlənir və əksər xəstələr tərəfindən yaxşı qəbul edilir.

CoQ10 əlavələri

Koenzim Q10 (CoQ10) orqanizm tərəfindən istehsal olunan və hüceyrə enerjisi üçün istifadə edilən bir qida maddəsidir. Əgər siz xolesterol səviyyəsini azaltmaq üçün statin preparatı qəbul edirsinizsə, əksər hallarda Koenzim Q10 istifadəsi ehtiyacı da qeyd olunur. CoQ10 tərəfdarları bildirir ki, bu preparat statin qəbulunun yan təsiri ola biləcək əzələ ağrılarını azaltmağa kömək edir və bədənin ehtiyac duyduğu enerjinin vacib mənbəyidir.

“Statinlərin qəbulu zamanı CoQ10 qəbulunun da faydalı olduğunu təsdiqləyən inandırıcı sübutlar yoxdur”, – Martin deyir:

“Əgər siz statinlərin preparatını qəbul edirsinizsə və əzələniz ağrıyırsa, o zaman növbəti addım – preparatın dəyişdirilməsi ilə bağlı həkimlə danışmaqdır”.

Müxtəlif dozalarda qəbul edilə bilən bir neçə fərqli statin var. Statinlərin yan təsirlərinə əngəl olmaq üçün əlavələr qəbul etməkdənsə, sizin üçün uyğun olanını tapmaq ən yaxşı yoldur.

Aspirin

Arteriyaların divarlarında xolesterol və digər maddələr toplandıqda qan damarlarını daraldan və qan axınını məhdudlaşdıran lövhə adlanan bir forma meydana gətirirlər. Daha pisi isə lövhə üzərində arteriyanı tamamilə bağlayan, vücudunuzun toxumalarına oksigen axınına maneə törədən qan laxtasının meydana gəlməsidir. Ürəyinizdəki qan axını dayandıqda ürək tutması meydana gəlir. Tıxanmış arteriya beyninizə oksigenin daxil olmasını məhdudlaşdırır və nəticədə, insult yaranır.

Tədqiqatlar göstərir ki, aspirin qan laxtalarının səbəb olan ürək tutması və insultun qarşısını ala bilər, çünki o sizin qanınızın laxtalanma qabiliyyətini azaldır.

“Əgər ürək tutması və insult keçirmisinizsə kiçik dozalarda aspirin daha effektlidir. Əgər stent taxılıbsa və ya ürək əməliyyatı edilibsə, siz mütləq trombembolizmin qarşısının alınması üçün müalicə almalısınız. Hamilə qalmağı planlaşdırırsınızsa və ya müəyyən risk faktoru varsa, aspirini ehtiyatla qəbul etməlisiniz”, – deyə Martin məsləhət görüb.

İstənilən dərman əlavəsinin qəbulu mütləq müalicə həkiminizlə birlikdə qəbul etməli olduğunuz fərdi qərardır.

Paylaş

 Xəbəriniz olsun