Ucqar kəndlərə işıq çəkilir

  • SpaceTV
  • 25 Sentyabr 2019 14:36

Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən Diqo, Dolu və Sekaşan kəndlərinin sakinləri uzun illərdir ki, işıqsız qalıb. Altı ailənin yaşadığı Sekaşan kəndinin sakinləri əvvəllər elektrik enerjisindən istifadə etsələr də, baxımsızlıqdan elektrik naqilləri və dirəkləri sıradan çıxmışdı. 130 nəfərin yaşadığı Diqo və Dolu kəndlərinə isə tarix boyu  elektrik xətti çəkilməyib. Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə bütün bu problemlərə son qoyulub. Ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb və artıq  tikinti işlərinə başlanıb.

Hər üç kənddə tikinti və quraşdırma işlərinə avqustun əvvəllərindən  başlanılıb. İşləri tezliklə sona çatdırmaq üçün 15 işçi çalışır. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kəndlərdə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Artıq Sekaşan kəndində işlərin 90, Dolu kəndində 60, Diqo kəndində isə 40 faizi başa çatıb.

Tək Astara rayonun kəndləri deyil,  “Azərişıq” tərəfindən  bu il  62 kənddə yenidənqurma işləri həyata keçirilir. Onların artıq 31-ində işlər tam başa çatdırılmaq üzrədir.

Rövşən Almazoğlu Space Astara

Paylaş

 Xəbəriniz olsun