Üç deputat Mərakeşə gedir

  • SpaceTV
  • 1 Oktyabr 2019 17:18

ATƏT Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.

SPACE TV-in məlumatına görə, iclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, o cümlədən, qurumdakı Azərbaycan nümayəndə heyətinin digər üzvləri Ülviyyə Ağayeva və Tahir Mirkişili iştirak edəcəklər.

Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək.

Sonra “Avro-Aralıq dənizi regionunda  təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.

Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək.

Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.

Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər.

Səfər oktyabrın 8-də başa çatacaq.

Paylaş

 Xəbəriniz olsun