Türkiyə suriya sərhəddində son vəziyyət

  • SpaceTV
  • 18 Oktyabr 2019 19:26

Ötən gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşü baş tutub. Mətbuata qapalı keçən görüş təxminən bir saat 40 dəqiqə çəkib. Görüşün əsas mövzusu Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatı olub. Nümayəndə heyətinin tərkibinə, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo, Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn və Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri daxil idi. Görüşdən sonra mətbuat konfransı keçirilib. Konfransda bildirilib ki, ABŞ və Türkiyə Suriyanın Şimalında atəşkəsin əldə olunmasına dair razılığa gəliblər.  Maykl Pens “Sülh çeşməsi” əməliyyatının ilk mərhələdə 120 saatlıq dayandırılacağını bildirib. Bu müddətdə YPG təhlükəsiz bölgədən geri çəkiləcək.

 “Bir az əvvəl Prezident Trampla danışdım. Donald Tramp Rəcəb Tayyib Ərdoğanın atəşkəsə və sülh yolu ilə həll variantına razılıq verməsindən çox məmnun qaldı. Beş saat ərzində müzakirələr apardıq və bu görüş sayəsində bir çox insanın həyatı xilas edildi. ABŞ YPG-nin geri çəkilməsini asanlaşdıracaq. Bu, həyata keçdikdə isə Türkiyə davamlı atəşkəsə razı olacaq. Təmsilçilərimiz hazırda təhlükəsiz bölgədədir və YPG-nin geri çəkilməsi üçün danışıqlar aparırlar. ABŞ atəşkəs rejiminin tətbiqindən sonra artıq Türkiyəyə sanksiya tətbiq etməyəcək və indiyədək qoyulan sanksiyalar aradan qaldırılacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib

120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra “Sülh çeşməsi” əməliyyatı dayandırıla bilər. Bildirilib ki, təhlükəsizlik bölgə tam şəkildə terrorçulardan təmizlənməli, Suriyanın ərazi bütövlüyü qorunmalı, suriyalı qaçqınlar yurdlarına qayıtmalıdır.

Qeyd edək ki, tərəflər  İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində də razılığa gəliblər.

Donald Trump Twitter səhifəsində Ərdoğana təşəkkürünü bildirib.  Yazıda Qeyd edilib ki” Türkiyədən gözəl xəbərlər var Milyonlarla həyat xilas olacaq.Prezident Ərdoğan Donald Trumpın Twitterdəki paylaşımını şərh edib:  “Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək. Əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək”, – Rəcəb Tayyib ərdoğan belə deyib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalının terrorçulardan təmizlənməsi və sərhədyanı ərazilərdə təhlükəsizlik zonasının yaradılması məqsədilə “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun