”Türkiyə ilk koronavirus xəbərlərinə sakit reaksiya vermişdi” – Türkiyədə yaşayan həmvətənimiz / ÖZƏL MÜSAHİBƏ

  • SpaceTV
  • 7 Aprel 2020 15:14

Dünyada koronavirusun yayılmadığı çox az ölkə var. Hal-hazırda dünyanın əksər ölkələri bu virusla mübarizə aparıb insanları xilas etmək üçün peyvənd, dərman vasitələrinin tədqiqatını aparır. 30 mindən çox insanın COVID 19-a yoluxduğu Türkiyədə də sərt karantin qaydaları tətbiq edilir.

Hazırda Ankara Universitetinin Psixalogiya bölməsində təhsil alan həmvətənimiz Ləman Sadıqzadə SPACE TV-a müsahibəsində bildirdi ki, Türkiyədə ilk koronavirus xəbərləri yayıldıqda insanlarda böyük bir təlaş yaranmamışdı. Çox güman ki, bu haqqda verilən məlumatların şəffaflığı və ilk başda xəstə sayısının az olması insanların sakitliyini qorumasında təsirli idi.

”Lakin getdikcə virus daha böyük kütləyə yayıldı və artıq hiss olunur ki şəhərdə dərin bir səssizlik var. Əksəriyyəti evində qalaraq əlindən gəldiyi qədər özünü və ailəsini qorumağa çalışır. Buna baxmayaraq məcburi şəkildə işə getməli olan insanlar da gigiyena qaydalarına xüsusi əməl edir və onlar da müəyyən qədər bu yoluxucu xəstəlikdən qorunmağa çalışır.”

Ləman deyir ki, koronavirusla bağlı ölkədə müəyyən tədbirlər görülüb. Şəhərdəki bütün ticarət mərkəzləri o cümlədən restoranlar, kafelər və digər insanların sıxlıq təşkil etdiyi məkanlar bağlanıb.

”Türkiyədə məktəblər və universitetlərdə dərslər onlayn qaydada davam edir. 21 Mart tarixindən etibarən 65 yaşdan yuxarı olan vətəndaşlara küçəyə çıkmama qaydası tətbiq olunmağa başladı. Bu qadağadan bir gün öncə isə 20 yaşdan aşağı olan insanlar üçün bu qadağa tətbiq edilməyə başladı.”

Türkiyədə yaşayan azərbaycanlılar koronavirusla necə mübarizə aparır?

”Burada mənim kimi bir çox azərbaycanlı tələbələr var. Həmçinin qardaşım da bu müddət ərzində Ankara şəhərində mənimlə birlikdədir. O da İstanbulda Yıldız Teknik Universitetində təhsil alır. İstanbuldakı vəziyyət buraya nisbətən daha ağır olduğuna görə, o cümlədən insan sıxlığının da daha çox olması səbəbi ilə burada birlikdə qalırıq. Koronavirusun Türkiyədə görülməsindən sonra bizlər səfirliyimiz ilə buradakı problemlərimizlə bağlı tez-tez əlaqə saxlayırıq. İstər yaşayış yerimizin kirayəsi ilə bağlı, istərsə də qida təminatımızla bağlı bir çox məsələlər də dəstək gördüyümüzü deyə bilərəm. Əlbəttə ki, hər birimiz bu müddət ərzində vətənimizə qayıtmağı çox istəyirik. Bunun üçün xüsusi uçuşların yaradılmasını gözləyirik. Səfirliyimiz bununla bağlı tədbirlər görüldüyünü və belə bir uçuş olana qədər olduğumuz yerdə qalaraq, özümüzü qorumağımızı tövsiyyə edirlər.”

Virusdan qorunmağla bağlı düşüncələrim isə belədir…

”Gigiyena qaydalarına xüsusi olaraq əməl etməliyik. Çox vacib olmadıqca evdən çölə çıxmamağa diqqət edilməlidir. Market alış-verişi zamanı maska və şəffaf əlcəkdən istifadə olunmalıdır. Aldığımız qidaları isə özənlə təmizləməmiz gərəkdiyini düşünürəm.

Son olaraq, dünyada və ölkəmizdə insanlıq üçün çətin bir mübarizənin içində olan bütün sağlıq işçilərinə və əmək verən hərkəsə dərin minnətdarlığımı bildirirəm. Ümid varam ki, bu müddət ölkəmiz və bütün insanlıq üçün ən qısa müddətdə son tapar.”

Paylaş

 Xəbəriniz olsun