Türkiyə idman gimnastikasının Bakıdan başlayan böyük uğuru

  • Space TV
  • 17 Dekabr 2020 14:43

Bu ay Türkiyənin Mersin şəhərində kişilərin idman gimnastikası üzrə Avropa çempionatı keçirildi.

Bu yarışda Türkiyə millisi ilk dəfə meydan sahibi olmasından səmərəli istifadə edərək bir çox uğurlara imza atdı.

Türkiyə millisi böyüklərin yarışında ilk dəfə komanda hesabında ikinci olaraq, gümüş medal qazandı. Birinci yeri Ukrayna, üçüncü pilləni isə Macarıstan gimnastlarından ibarət komanda tutdu.

Fərdi yarışlarda da uğurlar özünü çox gözlətmədi. Dəstəli atda bürünc medal qazanan Fərhat Arıcan paralel qollarda hamıdan yaxşı çıxış edərək birinci oldu. Qeyd edək ki, Arıcan 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında iki qızıl medal qazanıb (əslində Türkiyə millisinin uğuru Bakıdan başlayır – S.M.).

Həmçinin, ötən il Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının halqalar üzrə qalibi olmuş İbrahim Çolak yenə öz sözünü dedi. O bu dəfə həmin alətlərdə Avropanın ən güclüsü oldu.

Juniorlarda da Türkiyə millisi uğurlu çıxış etdi. Bora Tarhan halqalarda, dayaqlı tullanmada və paralel qollarda bürünc medal qazandı. Mərt Efe Kılıçər isə turnikdə gümüş medala yiyələndi.

Beləliklə, Türkiyə millisi ümumilikdə səkkiz medal qazandı. Bunlardan ikisi qızıl, ikisi gümüş və dördü bürünc medal oldu. Bu nəticə ilə Türkiyə yığması 15 medal qazanmış Ukraynadan sonra ikinci sıranı tutdu.

Təbii ki, bu nəticə, 2012-ci ildən Türkiyə Gimnastika Federasiyasının prezidenti olan Suat Çelenin rəhbərliyi altında böyük uğur sayılır. Məhz buna görə də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yarışdan sonra medal qazanan idmançılara zəng edərək təbrik edib. Qardaş ölkə idmançılarının bu uğuru isə bizi sevindirməyə bilməz.

Qeyd edək ki, bu yarışda Azərbaycan millisi iştirak edə bilməyib. Səbəb üç idmançımızın koronavirusa yoluxması olub.

Paylaş

 Xəbəriniz olsun