Türkiyə Bakı-Tibilisi-Qars dəmir yolu ilə ilk yük qatarını Rusiyaya göndərib

  • Space TV
  • 29 Yanvar 2021 17:28

Türkiyə “Dəmir İpək Yolu” adlanan yeni nəqliyyat dəhlizi üçün strateji əhəmiyyətli bir mərkəzə çevrilib.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bu barədə Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ilk yük qatarının göndərilməsi mərasimində deyib.

“Qatar Rusiya Federasiyasının Vladimirski vilayətinə qədər 4650 km məsafəni qət etməli olacaq. 15 vaqonda Türkiyə istehsalı olan 3 321 ədəd paltaryuyan maşın, sobalar müştərilərə göndərildi”, – deyə o bildirib.

Türkiyəli nazir son vaxtlara qədər Rusiya bazarına malların tədarükünün avtomobil və ya dəniz nəqliyyatı ilə həyata keçirildiyini xatırladıb:

“Bu gün ixracatçılar dəmir yolu nəqliyyatına üstünlük verirlər ki, bu da dəmir yolu şəbəkəsinə olan inamın artmasını göstərir”.

Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Asiya və Avropada yükdaşıma tarixində mühüm bir mərhələ olan BTQ-nın 30 oktyabr 2017-ci il tarixində istifadəyə verildiyini qeyd edib.

O bildirib ki, layihə Türkiyədən Çinə marşrutun bir aydan 12 günədək qısaldılmasına imkan verir.

Karaismayıloğlu həmçinin vurğulayıb ki, BTQ Bosfor boğazı yaxınlığındakı Mərmərə dəmir yolu xəttinə qoşulduqdan sonra Cənub-Şərqi Asiyadan Qərbi Avropaya malların çatdırılma müddəti 18 günə qədər azalıb.

Paylaş

 Xəbəriniz olsun