“Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı kitab-kataloq çap olundu

  • Space TV
  • 7 Dekabr 2020 15:12

“İstanbulda yerləşən Türk və İslam Əsərləri Muzeyi (TİƏM) dünyaca məşhur, zəngin sənət əsərlərinə malikdir. Onların arasında türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycana aid bir sıra sənət nümunələri, o cümlədən ecazkar xalçalar da xüsusi yer tutur”.

Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib.

O bildirib ki, əksər muzeylər kimi burada qorunub saxlanılan Azərbaycan xalçaları da uzun illər Qafqaz və ya İran xalçaları kimi təqdim edilib:

“Ancaq Milli Xalça Muzeyinin təşəbbüsü ilə 2018-ci ildən həyata keçirilməyə başlanılan və bu il martın 13-də təqdimatı keçirilən “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” layihəsi çərçivəsində həmin xalçaların elmi atribusiyasının yenilənməsinə nail olunub. Belə ki, mütəxəssislərin TİƏM-in fondlarında apardığı tədqiqatlar nəticəsində 100-ə yaxın nadir xalça nümunəsinin Azərbaycana mənsubluğu elmi faktlarla sübut edildi və onların əsasında “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı 200 səhifəlik nəfis tərtibatlı kitab-kataloq çap olundu”.​ 

Qeyd edilib ki, türk və ingilis dillərində işıq üzü görən kitab Türkiyə ictimaiyyətində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasında​ önəmli rol oynayır. Çağdaş dövrün tələbləri baxımından xüsusi əhəmiyyət daşıyan belə bir kitab-kataloqun nəşri mühüm mədəni hadisədir.

Paylaş

 Xəbəriniz olsun