Tramvaylar bərpa oluna bilər – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2019 18:28

Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Bir zamanlar Bakının küçələrində qırmızı tramvaylar, sarı trolleybuslar insanları Bakıətrafı qəsəbələrə, Abşeron bağlarına çatdırırdı. Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, avtomobilləşmə Bakıda da tramvayı sıxışdırmağa başladı. Tramvayların çox yer tutması, ləng hərəkəti, avtomobillərə mane olması səbəbindən onu tamamilə yox etdilər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirir ki,tramvayların bərpa olunması baş verən nəqliyyat hadisələrinin də xeyli qarşısını alar.

Müasir dövrün ən aktual problemlərindən biri nəqliyyat vasitələrinin ətraf mühitə təsiridir. Tramvaylar ekologiyaya heç bir ziyan vurmayan yeganə nəqliyyat növlərindən biridir. Həmçinin tramvay rels üzərində hərəkət etdiyindən tıxac yaratma, tıxacda qalma ehtimalı da yoxdur.

İndi əksər dünya ölkələrində tramvaylardan geniş şəkildə istifadə edilir. Xüsusilə qonşu Türkiyə və Rusiyada, MDB-yə daxil olan əksər ölkələrdə tramvay əsas nəqliyyat növlərindən biridir.

 Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda tramvay nəqliyyatının bərpası imkanlarının araşdırılması nəzərdə tutulub.Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması planlaşdırılır.

LALƏ  ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun