Toxum sərgisi

  • SpaceTV
  • 5 Oktyabr 2019 16:18

Əkin sahələrindən bol məhsul götürməyin başlıca amillərindən biri toxumçuluqdur. Yüksək reproduksiyalı toxum olarsa sahələrdən də bol məhsul götürmək mümkündür. Təəssüf ki, son illər torpaq sahibləri taxıl, tərəvəz bitkilərinin əkini zamanı laboratoriya yoxlamalarından keçmədən, necə deyərlər, əllərinə keçən dənli və tərəvəz birkilərinin toxumlarını necə gəldi əkir, nəticədə yüksək məhsul götürə bilmirdilər. Bundan əlavə toxumların əksəriyyəti xaricdən idxal olunduğu üçün bunun da maya dəyəri təsərrüfat sahiblərinə baha başa gəlirdi.

Artıq toxumçuluq sahəsində yaranan bu problem Aqrar Xidmətləri Agentliyi yaradılandan sonra öz həllini tapıb. Agentliyin təşkilatçılığı ilə ilk dəfə olaraq Hacıqabulda toxum-satış yarmarkası keçirilib. Məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehlakçı ilə istehsalçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasıdır. Belə toxum sərgi-satış yarmarkasının keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.

Bundan sonra təsərrüfat sahibləri istehsalçılarla birbaşa əlaqə yaratmaqla istədikləri sertifikatlı toxumları əldə edə biləcək, əkin zamanı əkdikləri dənli və tərəvəz toxumlarından bol məhsul götürə biləcəklər. Bunun üçün ölkəmizdə 12 regional toxum sertifikatlaşdırma, elə cə də Respublika sertifikatlaşdırma mərkəzləri fermerlərin istifadəsinə verilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun