Tikintidə qanunsuzluq edən sahibkarlarla bağlı Baş Prokurorluğa müraciət edildi

  • Space TV
  • 11 Fevral 2021 11:02

2020-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən hesabat ilində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 18 monitorinq həyata keçirilib.

Bu barədə qurumun hesabatında qeyd edilib.

Onlardan 11 monitorinqdə pozuntu halı aşkar edilib. Monitorinqlər zamanı 776 işçi yoxlanılıb və bu işçilərdən 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 8,6 faiz olub. Müqavilə ilə çalışan 709 işçidən beş nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib.

Yoxlanılmış işçilərin 49 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunub.

2020-ci il ərzində işəgötürənlər (Bakı şəhərində 2016-cı ildən sonrakı dövrdə tikintisinə başlanılan tikinti obyektlərinin inşasını həyata keçirən) üzrə 83 577 əmək müqaviləsi imzalanıb və bunlardan 27 450 əmək müqaviləsi hazırda qüvvədədir.

Hesabat dövründə Monitorinq Mərkəzi tərəfindən keçirilmiş 18 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 54 669 əmək müqaviləsi imzalanıb və bunlardan 17 144 əmək müqaviləsi hazırda qüvvədədir. Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müsbət dəyişikliklər müşahidə edilməkdədir.

Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təqribi olaraq 33,8 faizi əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 13,4 faizə qədər azalıb.

Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 18 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. 

Ümumilikdə 12-si hüquqi, 6-sı isə fiziki şəxs olmaqla 18 işəgötürəndən 4 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. 

Bu faktlar üzrə 3 000 manat həcmində inzibati cərimə tətbiq edilib. Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Paylaş

 Xəbəriniz olsun