Tikinti şirkətindən özbaşınalıq – VİDEO

  • SpaceTV
  • 10 Avqust 2020 14:57

Paytaxtda bir tikinti şirkəti var ki, uzun illərdən bəri  sakinlərin  yaşamasına baxmayaraq, xeyli müddət əvvəl istifadəyə verilən binada yenidən əlavə mərtəbələrin ucaldılmasına başlanılıb. Sözügedən bina  Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir.

Space TV-nin məlumatına görə, burda yaşayan sakinlər deyir ki, bir il əvvəl günlərin birində yuxudan oyanıb görüblər ki, yaşadıqları  binanın 15-ci mərtəbəsində tikinti işlərinə başlanılıb. İnşaat şirkətinin təhlükəsizlik qaydalarına riayət etmədən sakinlərin həyatını təhlükəyə atmasına razı olmayan sakinlər buna etiraz etsələr də şirkət  sakinlərin haqlı narazılığına heç bir məhəl qoymadan 1 ildir ki, öz işini davam etdirir.

Çəkliş apardığımız zaman əraziyə gələrək özünü “ARKO MMC” tikinti şirkətinin rəhbəri kimi təqdim edən Asif Əsədullayev bildirib ki, binanın torpaq sahəsi sərəncamla ona məxsus olub, ancaq podratçı şirkət olaraq  binanın 15 mərtəbəsinin tikintisini  “Badü Kubə” tikinti şirkəti həyata keçirib. Sonradan narazılıq yarandığı üçün hətta tərəflər arasında gedən çəkişmə zamanı ölüm hadisəsi də qeydə alınıb.

Yaşayış binasının üzərində aparılan inşaat  zamanı heç bir tikinti normativlərinin pozulmadığını və sənədlərdə də binanın 17 mərtəbə ucaldılmasına icazə verildiyini deyən Asif Əsədullayev nədənsə həmin icazə sənədlərini tapmaqda “çətinlik çəkdi”.

Özünü bizə şirkətin direktoru kimi təqdim edən Asif Əsədullayevin həyat yoldaşı Rəfilə Əsədullazədə isə binanın bu vaxta kimi istismara verilmədiyini və əlavə iki mərtəbənin tikintisinə isə aidiyyatı qurumların icazə verdiyini iddia etdi.

Rəfilə Əsədullazədə yaşayış binasının 17 mərtəbəyə kimi ucaldılmasına verilən icazə sənədlərinin binanın 15 mərtəbəsinin tikilməsini icra edən pordatçı şirkət  “Badü Kubə”MMC-nin rəhbəri Ədalət adlı şəxsdə olduğunu deyərək sənədləri həmin şəxsdən götürmək üçün bizimlə “Badü Kubə”şirkətinə yollandı. Ancaq Ədalət adlı şəxs nəinki sərəncamı bizə nümayiş etdirdi, hətta çəkliş qrupumuza hədə-qorxu gəlməkdən də çəkinmədi.

Bəs, qanun nə deyir, tikinti normativlərində yaşayış olan binada əlavə mərtəbələrin ucaldılmasına icazə varmı? Əgər bu inşaat işlərinə icazə verilirsə podratçı şirkət əlavə mərtəbələrin ucaldılmasını  hansı qaydada həyata keçirməlidir?

Hüquqşünas  Bəhlul İsgəndərovun sözlərinə görə, hüquqları pozularaq həyatları təhlükə altında olan bina sakinləri bu tikintinin dayandırılmasını təmin etmək üçün tez bir zamanda məhkəməyə müraciət etməlidirlər.

Paylaş

 Xəbəriniz olsun