Texasda neft hasilatı bərpa olunur

  • Space TV
  • 19 Fevral 2021 11:22

ABŞ-da kəskin soyuq hava fonunda dayandırılmış neft hasilatı tədricən bərpa olunmağa başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentlik yazır ki, “Marathon Oil”, “Devon Energy” və “Verdun Oil” şirkətləri “Eagle Ford” yatağında hasilatı bərpa etmək üçün yerli şəbəkələrdən və ya istehsalat şirkətlərin güclərindən istifadə etməyə başlayıblar.

Mənbələr şirkətlərin hasilatı çərşənbə günü gecə saatlarında yenidən başlatdığını da əlavə edib. Agentlik həmçinin xəbər verir ki, tam hasilatın nə vaxt bərpa olunacağını söyləmək çətin olsa da, bəzi treyderlər regionda temperatur artdıqca və enerji təminatı bərpa olunduqca hasilatın böyük hissəsinin də bərpa olunacağına ümid edirlər.

Qeyd edək ki, anomal soyuq hava səbəbindən ABŞ-da neft hasilatı rekord dərəcədə – üçdə bir həcmdə və ya gündəlik təxminən 3,5 milyon barel azalıb. Təkcə ABŞ ən böyük neft yatağı olan Texasın Perm hövzəsində istehsal 65% azalıb. Kəskin soyuq hava ABŞ-da, o cümlədən Texasda bir neçə iri neftayırma zavodunu fəaliyyətini dayandırmağa məcbur edib.

Paylaş

 Xəbəriniz olsun