Gəncə şəhərində güclü yanğın baş verib. Hadisə Cavadxan qəsəbəsində yerləşən taxta bazarında qeydə alınıb. Ötən gündən müşahidə olunan külək yanğının sondürülməsində problemlər yaradıb.
Yanğının sondürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda yanğınsöndürən maşınları, canlı qüvvəsi və xilasedicilər, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Fövqəladə Hallar Nazirliyi Gəncədə baş vermiş yanğınla bağlı ilkin məlumat yayıb. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının qeydə alındığı ərazidə plastik qapı-pəncərə sexi, taxta məmulatları sexi və avtomobil ehtiyat hissələri mağazası da yerləşir. Ötən gündən müşahidə olunan külək yanğının söndürülməsində çətinliklər yaratsa da yanğın söndürülüb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hazırda ərazidə soyutma işləri aparır. Yanğın nəticəsində dəymiş ziyan, həmçinin alovun əhatə etdiyi ərazi dəqiqləşdirilir.