Taksi fəaliyyəti vahid dispetçer mərkəzindən idarə olunacaq – VİDEO

  • Space TV
  • 1 Sentyabr 2020 11:49

Bu gün paytaxtda fəaliyyət göstərən taksi şirkətləri bir-biriləri  ilə xidmətin keyfiyyətinə görə deyil, qiymətin ucuzluğuna görə rəqabət aparırlar ki, bu da sürücülər tərəfindən narazılıqla qarşılanır. Space TV-nin xəbərinə görə, qiymətin ucuz olması bu sahədə çalışan  sürücülərin müəyyən olunan normalardan daha çox işləməsini zəruri edir. Taksi xidmətlərində bu və digər  boşluqların aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinin fəaliyyəti ilə bağlı  yeni konsepsiya hazırlayıb.

Sərnişinlər və taksi  sürücüləri arasında keçirilən sorğunun, beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyin təhlili Azərbaycanda taksi fəaliyyəti sahəsində müəyyən boşluqların olduğunu  təsdiq  edir.   Çağrı mərkəzi kimi fəaliyyət göstərən hüquqi şəxslər daha çox müştəri cəlb etmək məqsədilə taksi xidmətində qiymətləri kəskin azaldırlar. Bu isə taksi sürücülərinin, ümumilikdə bu şirkətdə fəaliyyət göstərən əməkdaşların sosial həyatına öz təsirini göstərir.

Taksi xidmətinin keyfiyyətində görülməli olan rəqabət qiymətlərin ucuzluğunda öz əksini tapır.  Hazırlanan konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Yeni konsepsiya    nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə şərait  yaradacaq. Qeyd edək ki, konsepsiya baxılması üçün aidiyyatı qurumlara göndərilib. Nəticələri məlum olduqdan sonra ictimaiyyətə bu barədə ətraflı  məlumat veriləcək.

Orxan Şükür, Space TV

Paylaş

 Xəbəriniz olsun