Təmiz qəsəbə layihəsi

  • SpaceTV
  • 23 May 2020 12:54

Basqal qəsəbəsi tarixən qədimliyi, səfalı və gözoxşayan təbiəti, eyni zamanda əlverişli iqtisadi-coğrafi mövqeyinə görə əsrlərdən bəri xüsusi diqqət mərkəzindədir. Neçə-neçə yüzillikləri özündə əks etdirən bu diyar həm də ən qədim sənətkarlıq nümunələri ilə məşhurdur. Basqal qəsəbəsi İsmayıllıya səfər edən həm yerli, həm də xarici qonaqların görmək istədiyi ilk yerlərdən biridir.  Məhz bu səbəbdən qəsəbəyə olan maraq insanların kütləvi səfərlərinə səbəb olur. “Təmiz qəsəbə” layihəsi çərçivəsində Basqalda bir sıra işlər görülüb. Piyada səkiləri kol-kosdan təmizlənib. Maşın xəttinin sağ və sol tərəflərindən keçən səkilərdə insanların rahat və sərbəst hərəkət edə bilmələri üçün şərait yaradılıb. Eyni zamanda elektrik dirəklərinin sayı artırılıb və daha güclü, daha müasir işıqlanma ilə təmin edilib. Zibil tullantılarının yerlərə atılmaması üçün xeyli yerdə iri həcmli tullantı qabları yerləşdirilib. Yerli sakinlər də bu kimi iməciliklərin aparılmasından razılıqlarını bildiriblər.

Görülən bu işlər hələ son deyil. İrəlidəki zamanlarda fəaliyyətlərinin daha da genişlənəcəyini deyən bələdiyyə sədri növbəti planlardan danışıb.

Qocaman Basqal dağlarının başı bəmbəyaz olsa da, köksü hər zaman yamyaşıldır. Havası, suyu – ümumən hər bir qarış torpağı saf olan bu əsrarəngiz diyar həmişə qonaqlı-qaralı olur.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun